Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:55

AEBA direktoru: Fordo nüvə obyektinə ciddi ziyan dəydiyi ehtimal olunur


Rafael Qrossi
Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, İsrail və ABŞ-nin İranın Fordo nüvə obyektinə endirdiyi zərbələr nəticəsində obyektə ciddi ziyan dəyib, lakin zərərin dəqiq miqyasını əraziyə daxil olmadan qiymətləndirmək mümkün deyil. Bunu AEBA-nın baş direktoru Rafael Qrossi iyunun 23-də təşkilatın idarə heyətinin İrandakı vəziyyətlə bağlı fövqəladə iclasında deyib:

"AEBA da daxil olmaqla hazırda heç kim Fordoda yeraltı zərəri tam qiymətləndirə bilmir. İstifadə olunan partlayıcı yükü və sentrifuqaların həddindən artıq vibrasiyaya həssaslığını nəzərə alsaq, obyektə çox ciddi ziyanın dəydiyi gözlənilir".

Rafael Qrossi İsfahan və Natanzdakı nüvə obyektlərinin vurulmasından da danışıb:

"İran AEBA-ya bildirib ki, hər üç obyektdə kənar ərazilərdə radiasiya səviyyəsində heç bir artım müşahidə olunmayıb. Digər obyektlərdəki vəziyyət isə əvvəlki hesabatlarda qeyd etdiyim kimidir".

Qrossi həmçinin iyunun 13-də İran xarici işlər naziri Abbas Ərağçinin AEBA-ya göndərdiyi məktub barədə deyib ki, həmin məktubda İran hökuməti nüvə obyektlərini və materiallarını qorumaq üçün "xüsusi tədbirlər" görəcəyi haqda məlumat verib.

AEBA baş direktorunun sözlərinə görə, Tehrana cavab məktubunda o bəyan edib ki, İranın Nüvə Təhlükəsizlik Razılaşmasına əsasən, qorunan obyektlərdəki nüvə materialı ölkə daxilində başqa bir yerə köçürülərsə, Agentliyə əvvəlcədən bəyan edilməlidir.

İyunun 21-də ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. Bundan sonra İran danışıqlara qayıtmaqla bağlı bütün təcili çağırışlara soyuqqanlı yanaşıb, özünümüdafiə hüququnu vurğulayıb.

İsrail iyunun 13-də İranı vurmağa başlayıb, məqsədinin Tehranın nüvə proqramını məhdudlaşdırmaq olduğunu deyib. İran da hücumları cavabsız qoymayıb. Hər iki tərəfdə itkilər var.

XS
SM
MD
LG