Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 22:36

Xəbərlər

İndiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?
Gözlə

No media source currently available

0:00 0:07:51 0:00

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb. Daha sonra onlardan biri öz ərizəsi ilə seçki prosesindən çıxıb.

71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan artıq 43 nəfərə imza vərəqləri paylanılıb.

Bu haqda MSK sədri Məzahir Pənahov iyulun 9-da qurumun toplantısında məlumat verib.

İclasda Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alınıb.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.

Bütün xəbərləri izləyin

update

İran Qətərdəki ABŞ bazasına raketlər atıb [Video]

Qətər üzərində İran raketi
Qətər üzərində İran raketi

Bu gün axşam İran Qətərdəki Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına raket zərbəsi endirib. Burada Amerika, Qətər və Britaniya ordularının bölmələri yerləşir.

Yerli və ABŞ rəsmiləri hücumun dəf edildiyini və itkilərin olmadığını bildiriblər. İran xəbər agentlikləri bazaya altı raketin düşdüyünü iddia edir, lakin bu məlumatın müstəqil təsdiqi yoxdur.

"Axios"un məlumatına görə, bazaya ümumilikdə 10 raket buraxılıb. Bu, İranın İsrailə son zərbələrindən xeyli azdır. "The New York Times" qəzetinin yazdığına görə, İran Qətər hökumətinə zərbə ilə bağlı əvvəlcədən xəbərdarlıq edib. "Axios"un mənbəyi iddia edir ki, Vaşinqton da bundan xəbərdar idi.

Tehranın yaydığı bəyanatda hücumun ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi və Qətərə qarşı yönəlmədiyi bildirilir.


Sosial şəbəkələrdə bazanın ərazisində hava hücumundan müdafiə sistemlərinin işinin videosu yayılıb. Qətərin Xarici İşlər Nazirliyi hücumu pisləyib.

Qətər və BƏƏ rəsmiləri hava məkanını bağlayıb. ABŞ-nin Dohadakı səfirliyi vətəndaşlara növbəti xəbərdarlığa qədər ehtiyat tədbiri olaraq sığınacaqlara enməyi tövsiyə edib.

CNN xəbər verir ki, Bəhreyndəki ABŞ səfirliyinin əməkdaşları sığınacaqlara göndərilib.

İraqdakı Amerika bazasına da zərbə endirilməsi ilə bağlı xəbərlər var, lakin bu mümkün hücumla bağlı, hələlik, təfərrüatlar yoxdur.

ABŞ prezidenti Donald Tramp ABŞ-nin yüksək rəhbərliyinin təcili toplantısını çağırıb, - "Fox News" xəbər verir.

Macarıstan və Slovakiya Rusiyaya yeni sanksiyalara qarşı çıxır

Peter Siyarto
Peter Siyarto

Macarıstan və Slovakiya Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulunu dəstəkləməyib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. Onun sözlərinə görə, Avropa Komissiyasının Rusiya enerji resurslarının idxalını mərhələli şəkildə dayandırmaq planlarına cavab olaraq iki ölkə bu qərarı bloklayıb.

"Bu gün biz Slovakiya ilə birlikdə 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını aldıq", - Siyarto jurnalistlərə deyib. "Biz bunu ona görə etdik ki, bu halda Macarıstan və Slovakiya da daxil olmaqla Aİ ölkələrinə Rusiyadan təbii qaz və ucuz Rusiya xam nefti almaq qadağan edilirdi".

Avropa Komissiyası Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinə məhdudiyyətlərin 18-ci paketə daxil edilməsini, həmçinin Rusiya neftinin qiymətinin bir barel üçün qiymət həddinin 60 dollardan 45 dollara endirməyi təklif edir. Bundan əlavə, Rusiyanın kölgə donanmasına aid 80-ə yaxın gəmi də sanksiyalara məruz qala bilər.

17-ci sanksiyalar paketi mayın 20-də təsdiqlənib.

'ToplumTV işi'ndə ittiham aktının oxunması yekunlaşıb

ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır
Gözlə

No media source currently available

0:00 0:09:36 0:00

Bu gün, iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının "Toplum" İnternet Televiziyasının əməkdaşları Elmir Abbasov, Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.

Növbəti proses iyunun 30-a təyin olunub.

"ToplumTV işi" üzrə ümumilikdə 9 nəfərə cinayət işi açılıb.

"ToplumTV"nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, həmin qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

"ToplumTV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Baş verənlər "ToplumTV"nin Azərbaycanda fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib. Media qurumu 2024-cü ilin fevralından etibarən fəaliyyətini ölkə xaricindəki jurnalistlər vasitəsilə davam etdirmək qərarı verib.

Xatırlatma

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 370 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycanda karantin oktyabra qədər uzadılıb

"Sınıq Körpü" sərhəd-keçid məntəqəsi
"Sınıq Körpü" sərhəd-keçid məntəqəsi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-i saat 6:00-a qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən koronovirus pandemiyasının başa çatdığını açıqlayıb. Bir sıra müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozub.

Amma son həftələr İran və İsrail arasında silahlı toqquşmalarla bağlı İrandan Azərbaycana icazəli şəkildə keçidə (xüsusilə xarici vətəndaşlar üçün) şərait yaradılıb.

Zaqatalada sorğu: Quru sərhədlərin bağlı qalması həm 'zülmdür', həm 'rahat'
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Əhməd Məmmədlinin səhhətindən narahatlıq var

Əhməd Məmmədli
Əhməd Məmmədli

Həbsdə olan ictimai fəal və "Yoldaş Media"nın təsisçisi Əhməd Məmmədlinin səhhəti ilə bağlı narahatlıq var.

Bu barədə iyunun 22-də Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, fəalı təcridxanada müayinə edən həkim onun gözünün görmək qabiliyyətini itirmək riski ilə üzləşdiyini bildirib. Vurğulandığına görə, həkim əlavə edib ki, vəziyyətin daha da pisləşməməsi üçün Məmmədlinin immuniteti güclü qalmalıdır: "Bu məqsədlə o, hazırda yüksəkkalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir".

Komitə həm də bildirir ki, Məmmədli mayın 6-da saxlanılan zaman işgəncəyə məruz qalıb və aldığı ağır zərbələr nəticəsində onun gözündə ciddi zədə yaranıb: "Artıq bir ay keçməsinə baxmayaraq, həmin göz hələ də bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib".

Komitə xatırladır ki, bir neçə il öncə Məmmədli gözlərindən iki dəfə əməliyyat keçirib və o, genetik astma xəstəliyindən əziyyət çəkir.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, DİN saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları qəti olaraq yalanlayır.

'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Xatırlatma

Ə.Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.

Rusiya zərbələrindən Kiyevdə çoxmərtəbəli binanın girişi uçub, ölənlər var

Bina çöküb
Bina çöküb

İyunun 23-nə keçən gecə Rusiya hərbi qüvvələrinin Kiyevə dron zərbələri endirməsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir girişi çöküb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Dağıntılar altında insanların ola biləcəyi qeyd olunub.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko dördü uşaq olmaqla 25 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, paytaxtın Solomenski rayonunda səkkiz, Şevçenkovskidə isə 17 nəfər yaralanıb.

Daxili işlər naziri İqor Klimenkonun verdiyi məlumata görə, ən ağır nəticələr Şevçenkovski rayonunda qeydə alınıb. Burada çoxmərtəbəli yaşayış binasının bütün bir giriş hissəsi dağılıb.

"Hazırkı məlumata görə, dörd nəfər həyatını itirib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları 10 nəfər yaralını xilas ediblər. Məlumatlarımıza əsasən, dağıntılar altında hələ də insanlar var", - o, "Telegram" hesabındakı paylaşımda bildirib.

AzadlıqRadiosunun jurnalisti Krımda həbsdən buraxılıb

Vladislav Yesipenko
Vladislav Yesipenko

Ukrayna vətəndaşı, Azad Avropa/Azadlıq Radiolarının Ukrayna xidmətinin Krım.Realii layihəsinin jurnalisti Vladislav Yesipenko Rusiya həbsxanasından buraxılıb. O, Ukrayna kəşfiyyatı üçün informasiya yığmaq şübhəsiylə 4 ildən çox həbsdə qalıb. Özü ittihamı rədd edirdi.

Yesipenko iyunun 22-də azad edilib.

"Vlad törətmədiyi cinayətə görə əsassız olaraq 4 ildən çox cəza çəkib. O, Rusiyanın işğalı altında olan Krımda baş verən gerçəkləri işıqlandırdığına görə çox yüksək bədəl ödəyib", – AzadlıqRadiosunun prezidenti Stiv Kapus bəyanatında deyib.

"Buna görə o, fiziki və psixoloji işgəncəyə məruz qalıb. Onun həyat yoldaşı Katerina və gənc qızı Stefaniyaya qovuşmasını qeyd etdiyimiz bir vaxtda bu ailənin Rusiya hakimiyyətindən çəkdiyi əziyyəti də nəzərdən qaçırmamalıyıq", – o vurğulayıb.

Rusiya-Ukrayna vətəndaşlığı olan Yesipenko 2021-ci il martın 10-da həbs olunub. 2022-ci ilin fevralında Rusiyanın Krıma təyin etdiyi məhkəmə ona casusluq ittihamıyla 6 il həbs cəzası kəsib. Özü, çalışdığı media orqanı və insan haqları qrupları ittihamları saxta adlandırıb.

Bir neçə ay sonra Yesipenkoya "partlayıcı saxlamaq və daşımaq" ittihamı da verilib, özü bunu qətiyyətlə rədd edib. Prokurorlar daha sonra etiraf ediblər ki, onun maşınından "tapılmış" qumbarada onun barmaq izləri olmayıb. Jurnalist məhkəməsində Ukrayna kəşfiyyatı üçün informasiya toplamaqla bağlı ittihamları da rədd edib. Məhkəmə ona 5 il həbs cəzası kəsib.

Yesipenko məhkəməsində saxta ifadə verməsi üçün elektroşoka məruz qaldığını deyib. 2022-ci ilin noyabrında isə Ukraynada dövlət ittihamçısı Rusiya FSB zabitinə qanunsuz həbs və işgəncəyə görə cinayət işi açıb.

Avropa İttifaqı (Aİ) 2023-cü ilin sentyabrında Yesipenkoya qarşı cinayət işi ilə əlaqədar iki hakim və bir dövlət ittihamçısına sanksiyalar tətbiq edib. Eləcə də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) iki zabitinə sanksiya açıqlanıb, onların işgəncəyə görə məsuliyyət daşıdığı bildirilib.

İyunun 21-də AzadlıqRadiosunun keçmiş jurnalisti İqor Karney, fevralda isə radionun jurnalisti Andrey Kuzneçuk Belarusda həbsdən buraxılıblar. Bu, Tramp administrasiyasının böyük səyləri sayəsində mümkün olub.

Belarus 14 məhbusu azad edib. Tixanovski, jurnalist Karney də buraxılıb

İqor Karney və Sergey Tixanovski azadlıqda
İqor Karney və Sergey Tixanovski azadlıqda

Belarus 14 məhbusu azad edib. Onlardan biri də 2020-ci ilin mayında həbs olunmuş Sergey Tixanovskidir. O, avtoritar lider Aleksandr Lukaşenkoya qarşı seçkidə namizəd olmaq niyyətini bildirəndən sonra saxlanmışdı. Sonradan onun həyat yoldaşı Svetlana Tixanovskaya ərinin yerinə seçkiyə getmişdi.

ABŞ-nin elçisi Keyt Kelloqun köməkçisi Con Koul iyunun 21-də X platformasında yazıb ki, 14 məhbus Litva hökuməti ilə əməkdaşlıq sayəsində əldə olunmuş razılaşma çərçivəsində buraxılıb.

AzadlıqRadiosu Belarus xidmətinin keçmiş jurnalisti İqor Karney də buraxılıb. O, 2023-cü ildə həbs olunmuş, "ekstremizm" ittihamı ilə 3 il həbsə məhkum edilmişdi.

Lukaşenko 2020-ci il avqust seçkisinin qalibi elan olunandan sonra ölkədə etirazlar başlanıb. Minlərlə belaruslu seçkinin saxtalaşdırıldığını, Tixanovskayanın qalib gəldiyini bildirib. Qərb də seçkinin nəticələrini rədd edib. Tixanovskaya daxil əsas müxalifət liderləri ölkədən çıxmalı olub, minlərlə etirazçı saxlanıb, öldürülənlər olub.

Karney isə veteran jurnalistdir, 20 ildən çox Azad Avropa/Azadlıq Radiolarında işləyib. Belarus insan haqları cameəsi onu siyasi məhbus kimi tanıyıb.

"Bu cəsur, Belarus hakimiyyətinin əziyyət verdiyi jurnalistin azadlığa çıxmasını təmin etdiyinə görə prezident Donald Trampa dərindən minnətdarıq", – AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.

Avropa İttifaqı, ABŞ, Kanada və bir sıra digər ölkələr Lukaşenkonu Belarusun legitim lideri kimi tanımayıb, ona və digər rəsmilərə seçkinin saxtalaşdırılması, seçkisonrası təzyiqlərə cavab olaraq sanksiyalar tətbiq edib.

Musa  Şəkiliyev Qax icra başçılığından çıxarıldı

Musa Şəkiliyev
Musa Şəkiliyev

Musa Şəkiliyev Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İyunun 21-də prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

İyunun 21-i günün ikinci yarısında isə M.Şəkiliyev barəsində Səbail rayon Məhkəməsi həbs qərarı verilib. Məhkəmə istintaq orqanının vəsatətini əsaslı sayaraq Şəkiliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qaxın icra başçısı saxlanıb

İyunun 20-də Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi bildirilir.

Azərbaycanın yerli saytlarının məlumatına görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.

İlkin məlumatda rayon icra başçısı Musa Şəkiliyev və müavinlərinin saxlandığı iddia edilir. Vurğulandığına görə, onlarla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər əməllər üzrə araşdırmalar gedir.

Hələlik, bu məlumata DTX-dən, Qax rayon İcra Hakimiyyəti və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Xatırlatma

Bundan əvvəlki illərdə Azərbaycanda bir çox icra başçıları ardıcıl şəkildə həbs ediliblər. Ölkədə icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə və başqa ittihamlarla müxtəlif müddətə həbs cəzası alıblar. Məhkəmə prosesində bəziləri ittihamları qismən qəbul etsə də, çoxu onları, əsasən, yalanlayıblar.

Onlardan Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev hökmdən (9 il) az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də ölüb. Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov isə (7 il 3 ay) 2023-cü ilin dekabrında – vaxtından əvvəl şərti azadlığa buraxılandan beş ay sonra vəfat edib.

Nüvə danışıqlarında İranla Avropa nədə razılığa gəldi?

Böyük Britaniyanın xarici işlər naziri D.Lemmi, Almaniyanın xarici işlər naziri Y.Vadeful, Fransanın xarici işlər naziri J.N.Barro və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Kallas İranın xarici işlər naziri ilə görüşdən sonra açıqlama verirlər.
Böyük Britaniyanın xarici işlər naziri D.Lemmi, Almaniyanın xarici işlər naziri Y.Vadeful, Fransanın xarici işlər naziri J.N.Barro və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Kallas İranın xarici işlər naziri ilə görüşdən sonra açıqlama verirlər.

İran ilə "Avropa üçlüyü" (Fransa, Böyük Britaniya və Almaniya) Cenevrə görüşündə nüvə proqramı üzrə danışıqları davam etdirmək barədə razılığa gəlib. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

"Danışıqları davam etdirmək barədə razılığa gəldik, danışıqlar prosesini açıq saxlamaq çox vacibdir", - Kallas görüşdən sonra deyib. Onun sözlərinə görə, təkcə nüvə mövzusu deyil, həm də "bizdə olan daha geniş suallar" müzakirə olunacaq.

Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib ki, İranın xarici işlər naziri Abbas Ərağçi bütün, o cümlədən əvvəllər müzakirə olunmayan məsələləri masaya qoymağa razılıq verib və "bu gün başladığımız söhbəti davam etdirməyə... hazır olduğunu göstərib".

Barronun sözlərinə görə, İranın nüvə problemini hərbi yolla həll etmək mümkün deyil. "Hərbi əməliyyatlar onu təxirə sala bilər, lakin tamamilə aradan qaldıra bilməz", - o, görüşdən sonra britaniyalı və almaniyalı həmkarları ilə birgə çıxışında bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Tehranı ABŞ ilə danışıqları da davam etdirməyə çağırıb. "Biz açıq şəkildə bildirdik: İranın nüvə silahı ola bilməz", - Britaniya XİN rəhbəri vurğulayıb.

Avropa və Birləşmiş Ştatların məqsədi İranın uranın zənginləşdirilməsini dayandırmasını təmin etməkdir, lakin "İranın enerji ehtiyacları ilə bağlı müzakirələr" məqbuldur, - Lemmi əlavə edib.

A.Ərağçi də danışıqlar bitdikdən sonra jurnalistlərə açıqlama verib. O, "Avropa üçlüyü" və Aİ ilə görüşlərin davam etdirilməsini dəstəkləyib və Tehranın yaxın gələcəkdə danışıqların yeni raundunda iştiraka hazır olduğunu deyib.

Nazir İsrailin İranın nüvə obyektlərinə hücumlarını pisləyib və Avropa ölkələrinin eyni mövqeyi açıq şəkildə ifadə etməməsindən "ciddi" narahatlığını bildirib.

Avropa nazirləri ilə İranın xarici işlər naziri A.Ərağçi arasında İranın nüvə proqramı üzrə danışıqlar iyunun 20-də Cenevrədə baş tutub. Görüş üç saatdan çox davam edib.

Ərdoğan və Paşinyan münasibətlərin normallaşması, Azərbaycan və İrandan danışıblar

N.Paşinyan və R.T.Ərdoğan
N.Paşinyan və R.T.Ərdoğan

Ermənistan baş naziri və Türkiyə prezidenti İstanbulda görüş zamanı iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğan konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar, - Ermənistan hökumətinin məlumatında deyilir.

Baş nazir Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini vurğulayaraq, qonşular ilə münasibətlərin normallaşdırılması siyasətinin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyib.

İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

"Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də Ermənistan hökumətinin "Sülh yolayrıcı" layihəsi ətrafında fikir mübadiləsi aparılıb", - Ermənistan baş nazirinin mətbuat xidməti xəbər verir.

Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə isə, görüşdə Bakı ilə Yerevan arasında sülh danışıqları zamanı əldə olunan razılaşmalara xüsusi diqqət yetirilib. Ərdoğan deyib ki, Ankara regionun qarşılıqlı fayda prinsipləri əsasında inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Ərdoğan İsrailin İrana zərbələri ilə bağlı təhdidlərə işarə edərək gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb. O, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə bölgə liderləri ilə sıx təmasları davam etdirdiyini bildirib.

N.Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gedib. Ermənistan liderləri daha əvvəl də müxtəlif səbəblərlə Türkiyəyə səfərlər ediblər. Amma N.Paşinyanın bu səfəri fərqlənir, o, nə rəsmi, nə də qeyri-rəsmi tədbirlərlə (məsələn, andiçmə və ya futbol oyunu) bağlı deyil. N.Paşinyanın Türkiyəyə səfərini onun partiyadaşları "tarixi" adlandırıblar.

5 iyun

"Türkiyə ilə münasibətlərimiz fəal və səmərəlidir"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 5-də parlament komitəsində büdcə hesabatının müzakirəsi zamanı bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki ölkə arasında çox fəal və effektiv dialoq qurulub.

"Türkiyə ilə rəsmi diplomatik əlaqələrimiz olmasa da, diplomatik əlaqələr olan bir çox digər ölkələrlə müqayisədə bizim daha fəal və səmərəli dialoqumuz var. Təbii ki, kim desə ki, artıq bu dialoqun sahədə real nəticələr verməsinin vaxtıdır, haqlıdır", - Mirzoyan vurğulayıb.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.

Hacı Vəliyevin həbs müddəti uzadılıb

Hacı Vəliyev
Hacı Vəliyev

Bu gün, iyunun 20-də Xətai rayon Məhkəməsində fəaliyyəti dayandırılan Gənc Qazilər Birliyinin sədri olmuş Hacı Vəliyev barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmədə təqdimat təmin olunub, H.Vəliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Bu barədə müdafiə tərəfi bildirib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

H.Vəliyev bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, yarandığı gündən müharibədə sağlamlığını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərib: "Lakin son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".

H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

Gənc Qazilər Birliyi 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.

Yaponiya Gürcüstandan onlayn kazinolara girişi məhdudlaşdırmağı xahiş edir

Yapon yeni
Yapon yeni

Yaponiya Gürcüstan hökumətindən Yaponiya vətəndaşlarının bu ölkə ərazisində lisenziyası olan onlayn kazinolara çıxışını məhdudlaşdırmağı xahiş edib. Bu, Tokionun qeyri-qanuni onlayn qumarla mübarizə kampaniyasının bir hissəsidir.

Gürcüstan hökuməti məsələ ilə bağlı, hələlik, mövqeyini bildirməyib.

"Kyodo" agentliyinin hökumətdəki mənbəyə istinadən verdiyi xəbərə görə, analoji sorğular daha 7 ölkə və əraziyə göndərilib. Bunlar Kanada, Kosta-Rika, Malta, Anjuan adası (Komor adaları), Kyurasao (Niderland krallığının tərkibində), eləcə də Böyük Britaniyanın dənizaşırı əraziləri olan Cəbəllütariq və Men adasıdır.

Yaponiyada xarici saytlarda qumar oyunlarında iştirak qanunsuz sayılsa da, hökumət səlahiyyətliləri bildirir ki, təkcə 2024-cü ildə Yaponiya vətəndaşları beynəlxalq idman mərc oyunlarına təxminən 6.45 trilyon yen (45 milyard ABŞ dolları) xərcləyiblər ki, bu da ölkədaxili onlayn platformalardakı mərclərin həcmini beş dəfə üstələyir.

Məşhurların və peşəkar idmançıların onlayn kazinolarda oynaması ilə bağlı xəbərlərin cəmiyyətdə geniş rezonansa səbəb olduğu bir vaxtda Yaponiya parlamentinin aşağı palatası iyunda qanunsuz onlayn qumarla mübarizə qaydalarını sərtləşdirən qanun layihəsini təsdiqləyib.

Yaponiyada lotereyalar, at yarışları, motosiklet yarışları və qayıq yarışlarına edilən mərclər istisna olmaqla, onlayn qumarın, demək olar ki, bütün formaları qadağandır. Yapon istifadəçilər üçün əlçatan olan 40 məşhur onlayn kazinonun təhlili göstərib ki, onların hamısı xaricdə lisenziyalaşdırılıb və 70 faizi Kyurasaoda qeydiyyatdan keçib.

Argentina kəşfiyyatı Rusiyanın təsir şəbəkəsini aşkarladığını bildirir

Argentina Kəşfiyyat Katibliyi
Argentina Kəşfiyyat Katibliyi

Argentina Milli Kəşfiyyat Xidməti (SIDE) ictimai rəyin manipulyasiyası və dezinformasiyanın yayılması ilə məşğul olan şəbəkənin beş rusiyalı üzvünü aşkar edib. Bu barədə Argentina prezidentinin mətbuat katibi Manuel Adorni mətbuat konfransında bildirib.

Rusiyalılar, o cümlədən Lev Andriaşvili və onun həyat yoldaşı İrina Yakovenko "Kompaniya" adlı təşkilatla əlaqələndirilir. Bu təşkilat "Laxta" layihəsi ilə bağlıdır və daha çox Olqinodakı "troll fabriki" kimi tanınır. Layihənin rəhbəri 2023-cü ildə həlak olmuş "Vaqner" özəl muzdlu hərbi şirkətinin (ÇVK) rəhbəri Yevgeni Priqojindir.

Argentina hökumət rəsmisinin məlumatına görə, Andriaşvili və Yakovenko (Rusiyadan) maliyyənin alınması və ölkə vətəndaşları ilə əlaqələrin qurulmasına məsul olublar.

"'Kompaniya"nın məqsədi Rusiya maraqlarına loyallıq göstərən şəxslər qrupunu formalaşdırmaq, dezinformasiya kampaniyaları aparmaq, həssas siyasi məlumatlar əldə etmək və fondlar, QHT-lər və vətəndaş cəmiyyətinə təsir göstərməkdir", - Adorninin sözlərini "La Derecha Diario" nəşri sitat gətirib.

O bildirib ki, hökumət Argentinanın heç bir digər ölkənin təsiri altına düşməsinə imkan verməyəcək. Adorni rusiyalıların saxlanılıb-saxlanılmadığı və ya barələrində cinayət işinin açılıb-açılmadığına dair məlumat verməyib.

Daha əvvəl də Braziliyanın xüsusi xidmət orqanları doqquz Rusiya agentindən ibarət şəbəkəni ifşa edib. "The New York Times" məlumatına görə, onlar bu ölkədə casusluq etməyiblər, yeni bioqrafiya yaratmaq üçün ora göndəriliblər. Onların heç biri Braziliyada saxlanılmayıb, hamısı başqa ölkələrə çıxmağı bacarıb və, ehtimal ki, Rusiyaya qayıdıblar.

Bəzi çimərliklərdə bakterioloji çirklənmə aşkarlanıb

Çimərlik mövsümü açılır: Çirkab suların dənizə axıdıldığı ərazilər var
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycanın çimərliklərində monitorinq aparılıb, onların bəzilərində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

Bu barədə iyunun 19-da Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yay mövsümünə hazırlıq çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, habelə Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə monitorinqlər aparıb: "Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur".

Azərbaycanda iyunun 15-dən çimərlik mövsümü başlayıb.

Ölkədə hər il yay mövsümü ərəfəsində belə monitorinqlər aparılır. Bir sıra ekoloqların fikrincə, çimərliklərdə problemlərin aradan qaldırılması üçün hökumət səviyyəsində bir elə də səmərəli addımlar atılmır.

Davamı

XS
SM
MD
LG