Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:15

'Kimi basdırdığımı bilmirəm': Həlak olan rusiyalı əsgərlərin ailələrinə tabutları açmağa qoymurlar


Hərbi geyim qalıqları
Hərbi geyim qalıqları

Valeriya Mixaylova bu yaxınlarda möhürlənmiş bir tabutu basdırıb. Rusiya rəsmiləri ona deyib ki, tabutda Valeriyanın Ukraynada həlak olmuş, 23 yaşlı müqaviləli hərbi qulluqçu olan həyat yoldaşı Maksimin qalıqları olub.

Ailəyə tabutu açmağa icazə verilməyib. Onlar onu mayın əvvəlində Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində dəfn ediblər.

"Rəsmilər bizi hədələdi ki, tabutu icazəsiz açsaq, barəmizdə cinayət işi başlanacaq. Onlara yalvardım ki, heç olmasa (tabuta qoyulmazdan əvvəl) meyitin şəklini mənə göstərsinlər, görüm necə görünürdü. Onlarda heç bir şəkil yox idi. Bizə DNT testi etməyə da icazə vermədilər", - Mixaylova bildirib.

Mixaylovlar ailəsi meyiti görmədən və şəxsiyyətini müəyyən etmədən, səlahiyyətlilərin iddia etdiyi kimi, tabutdakı qalıqların həqiqətən də Maksimə aid olduğuna əmin deyil.

"Tez-tez düşünürəm ki, görəsən, "mən kimi dəfn etdim?". Bilmirəm", - Mixaylova bildirib. O, rəsmilərin hansı dövlət qurumunu təmsil etdiyini açıqlamayıb.

Belə oxşar iddiaları ailə üzvləri Kremlin Ukraynaya qarşı apardığı genişmiqyaslı işğal müharibəsində ölən bir çox rusiyalılar səsləndirib.

Ailələrin, şahidlərin və Rusiya mətbuatının verdiyi məlumata görə, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Rusiya hərbi rəsmilərinin ölən əsgərlərin yaxınlarından Ukraynadan aldıqları tabutları açmamağı tələb etməsi ümumi təcrübəyə çevrilib.

AzadlıqRadiosuna danışan iki zərərçəkmiş ailənin sözlərinə görə, səlahiyyətlilər heç bir səbəb göstərmir, sadəcə olaraq qohumlarına tabutların açılmasının qanunazidd olduğunu deyirlər. Lakin qanun qohumların dəfn üçün tabutu açmasına qadağa qoymur. Hüquqşünaslar bildirir ki, COVID-19 pandemiyası zamanı virusun yayılmasının qarşısını almaq üçün bununla bağlı müəyyən istisnalar olub.

Maksim Mixaylov
Maksim Mixaylov

Səhv meyitlər basdırıldığı üçün tabutlar qazılır

İvan adlı Yekaterinburqdan olan ölən əsgərin ailəsi 2024-cü ilin yanvarında iki həftə ərzində iki dəfn mərasimi keçirməli olub. Çünki səlahiyyətlilər ailəyə səhvən başqa bir şəxsin qalıqlarını göndərib.

"Bizə yalnız indi İvanın qalıqları çatdırıldı. İlk dəfə yad birini dəfn etmişik",- ikinci dəfn mərasimindən öncə İvanın ailə üzvlərindən biri deyib.

Buryatiyada 44 yaşlı müqaviləli hərbçi Sergey K.-nın ailəsi onun Ukraynada ölümü xəbərini alıb. Ailə 2023-cü ildə həm tabut, həm də ölüm şəhadətnaməsini alaraq böyük ağrı və iztirab yaşayıb. Dəfn mərasimi keçirildikdən bir neçə həftə sonra Sergey K. ailəsinə telefonla zəng edib. O, yaralı olduğunu və müalicə üçün xəstəxanaya aparıldığını bildirib.

İndiyədək nə qədər ailənin yad adamların qalıqlarını qalıb basdırdığı məlum deyil. Rusiya rəsmiləri belə məlumatları yaymır.

Armavirdə Mixaylovlar ailəsi DNT testi keçirmək üçün ötən ay basdırdıqları cəsədin eksqumasiya edilməsinə dair məhkəmə qərarını təmin etməklə bağlı qanuni addımlar atmağı planlaşdırır.

Valeriya Mixaylova bildirib ki, əvvəlcə bəzi dostlarının ona Ukraynadan gətirilən tabutları "qanunsuz" açdığı üçün Müdafiə Nazirliyinin bir neçə ailəyə qarşı iddia qaldırdığını söyləməsi onu ruhdan salıb.

"Onlar mənə dedilər: "Atası qəbirdə, anası həbsdə olan dördyaşlı oğluna nə olacaq, bu barədə düşün", - Mixaylova deyib.

Sankt-Peterburq qəbiristanlığındakı Qəhrəmanlar Xiyabanında Rusiya-Ukrayna müharibəsində həlak olan rusiyalı hərbçilərin məzarları.
Sankt-Peterburq qəbiristanlığındakı Qəhrəmanlar Xiyabanında Rusiya-Ukrayna müharibəsində həlak olan rusiyalı hərbçilərin məzarları.

Ana ümid edir ki, onun oğlu hələ də sağdır

Valeriyanın qayınanası Valentina Mixaylova hələ də oğlu Maksimin sağ qala biləcəyinə ümid edir. Ana deyir ki, Rusiya hakimiyyətinin Maksimin necə öldürüldüyü və onun cəsədinin necə tapılıb tanınması ilə bağlı versiyaları uyğun gəlmir.

"Ətrafdakı hamı bu barədə yalan danışıb. Hərbi komissarlıq bizə dedi ki, onun meyitini... əsgər yoldaşları və komandiri tanıyıb və DNT testinə ehtiyac yoxdur. Sonra məlum oldu ki, əsgər yoldaşları onu tamamilə itirib və heç bir tanınma yoxdur", - Valentina Mixaylova AzadlıqRadiosuna deyib.

Ailəyə tabutla yanaşı, Maksimin partlayışda öldüyü qeyd olunduğu əllə yazılmış kağız parçası verilib.

"Bu kağızı necə rəsmi sənəd adlandıra bilərlər?" - Mixaylova bildirib. "Oğlumun əşyalarını - pasportunu, hərbi vəsiqəsini, şəxsiyyətini təsdiq edən sənədi və tanınma nişanını göndərəcəklərinə söz verdilər. Amma bir aydır ki, bizə heç nə verilmir".

Bu həftənin əvvəlində Kiyev Moskvanı əsir və meyitlərin mübadiləsi zamanı Ukraynaya pis vəziyyətə salınmış meyitlər göndərməkdə və bədən üzvlərini qarışdırmaqda ittiham edib.

"Cəsədlər son dərəcə pis vəziyyətdə, eyni cəsədlərin hissələri müxtəlif torbalarda qaytarılır. Hətta repatriasiyanın müxtəlif mərhələlərində bir nəfərin qalıqlarının geri qaytarıldığı hallar var", - Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib. O, Rusiyanı repatriasiya edilmiş cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyi "qəsdən" çətinləşdirməkdə günahlandırıb.

Yazı AzadlıqRadiosunun "Sibir Reallıqları" layihəsi tərəfindən hazırlanıb.

XS
SM
MD
LG