İyunun 22-də gecə yarısından bir neçə saat sonra İranın paytaxtı Tehranın təxminən 200 kilometr cənub-qərbində yerləşən kiçik dağ silsiləsində ardıcıl və sarsıdıcı partlayışlar baş verib. Bu dağ silsiləsi Fordo idi - İranın uzun illər ərzində yerin dərinliyində inşa etdiyi və uranın zənginləşdirildiyi nüvə obyektinin yerləşdiyi ərazi. Rəsmi Tehran bu fəaliyyətin mülki elektrik stansiyalarında istifadə üçün nəzərdə tutulduğunu bildirsə də, İsrail israr edir ki, bu obyekt nüvə silahı hazırlamaq məqsədinə xidmət edir.
Partlayışlara ABŞ arsenalındakı ən iri ənənəvi partlayıcı bombalar - 13 tonluq "GBU-57 Massive Ordnance Penetrator' - səbəb olub. Bu bombalar ABŞ Hərbi Hava Qüvvələrinin ən müasir təyyarələrindən biri olan "B-2" bombardmançısı tərəfindən atılıb.
ABŞ silahlarının hədəf aldığı Fordo və digər iki obyekt üzərində toz dumanı çəkildikcə, qarşıdakı günlər bu hadisənin əsl mənasının nə olduğunu üzə çıxaracaq: tammiqyaslı müharibə başlayacaqmı? İran regiondakı ABŞ bazalarına cavab zərbələri endirəcəkmi? Tehran Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünü bağlamağa cəhd göstərəcəkmi? İsrail İran ərazilərinə qarşı misli görünməmiş hücumlarını davam etdirəcəkmi? ABŞ Yaxın Şərqdə daha bir genişmiqyaslı münaqişəyə qarışmaq üzrədirmi?
Hazırda isə bilməli olduğunuz əsas məqamlar bunlardır:
Nə baş verib?
Yerli vaxtla gecə saat 02:30 radələrində ABŞ-nin Orta Qərb bölgəsindəki bazalarından minlərlə kilometr məsafə qət etmiş yeddi "B-2" bombardmançısından ibarət eskadrilya Fordo kompleksinin üzərinə uçub.
ABŞ rəsmilərinin verdiyi məlumata görə, bu təyyarələr "sığınacaq deşici" kimi tanınan 14 ədəd GBU-57 bombası atıblar. Bu bombalar yerin dərinliklərinə nüfuz edə bilməsi sayəsində Fordo kimi yeraltı obyektləri nəzəri olaraq məhv etmək qabiliyyətinə malikdir.
Eyni zamanda, ABŞ-nin Fars körfəzindəki sualtı gəmisindən İsfahanda yerləşən daha bir nüvə obyektinə 20-dən çox "Tomahawk" qanadlı raketi buraxılıb.
ABŞ hücumlarında hədəf alınan üçüncü obyekt Natantza isə əlavə olaraq iki ədəd "GBU-57" bombası atılıb.
Amerikalı rəsmilərin bildirdiyinə görə, ümumilikdə ABŞ-nin 125 hərbi təyyarəsi əməliyyata cəlb olunub. Bu rəqəmə qırıcı təyyarələrin müşayiəti və yanacaq dolduran tanker təyyarələr də daxildir.
Fordo bombalanmadan əvvəl və sonra
Hansı obyektlər nə dərəcədə zərər görüb?
İran rəsmiləri bu genişmiqyaslı hücumları təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Fordo, Natanz və İsfahan obyektlərinin tamamilə məhv edildiyini iddia edib.
Lakin tam olaraq hansı obyektin nə dərəcədə zərər gördüyü hələ aydın deyil.
Natanz və İsfahan son 10 gün ərzində İsrail təyyarələrinin ağır hava zərbələrinin hədəfində olub.
Vaşinqtonda yerləşən "Nuclear Threat Initiative" analitik mərkəzi bildirir ki, İsfahanda nüvə stansiyaları üçün yanacaq çubuqları hazırlanır, ancaq Qərbin sanksiyalarına görə bu səylər yavaşlayıb. Analitik mərkəzin məlumatına görə, Natanzın yeraltı strukturlarında isə azı 50 min sentrifuqa var. Ancaq bunlar Fordo kimi dərində yerləşdirilməyib.
Dağın dərinliyində yerləşdiyinə görə xüsusilə Fordo İsrail kəşfiyyatı və ABŞ qurumları üçün mühüm maraq kəsb edirdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) də monitorinq etdiyi bu obyektdə uranın zənginləşdirilməsi üçün istifadə olunan minlərlə dəqiq şəkildə hazırlanmış sentrifuqa yerləşirdi.
Müəyyən həddə qədər zənginləşdirilmiş uran elektrik stansiyalarında yanacaq kimi istifadə olunur. Amma bu həddən yuxarı olduqda, o, "silah uranı" (nüvə silahı hazırlamaq üçün yararlı) sayılır.
AEBA mayda yayımladığı hesabatında bildirib ki, zənginləşdirmə prosesinin əsas mərhələsi olan 400 kiloqramdan çox uran heksafluorid qazı artıq 60 faiz zənginləşdirilib. Bu hədd yüksək zənginləşdirilmiş sayılır, lakin "silah uranı" deyil. CNN 2023-cü ilin məxfi hesabatına istinadən məlumat yaymışdı ki, AEBA Fordoda, demək olar ki, "silah dərəcəsi"nə yaxın uran aşkar edib.
İran isə nüvə fəaliyyətlərinin mülki məqsədlər üçün olduğunu israr edib.
Müharibə ehtimalı varmı?
İsrail hücumları alqışlayıb və bildirib ki, bu, "İran rejiminin təcavüzünün, regiona və dünyaya təhlükə yaratmaq qabiliyyətinin dayandırılması istiqamətində mühüm addımdır".
İran rəsmiləri isə bu hücumu qınayaraq "ABŞ-nin bu aqressiv hərəkətinin təhlükəli nəticələri və genişmiqyaslı təsirləri" barədə xəbərdarlıq edib. İranın yüksəksəviyyəli diplomatı Abbas Ərağçi Rusiyaya - İranın yaxın, lakin ehtiyatlı müttəfiqi - səfər edib. O, prezident Vladimir Putinlə danışıqlar aparacağını deyib.
Partlayışlardan bir neçə saat sonra keçirilən mətbuat konfransında Ərağçi diplomatiya qapısının hər zaman açıq olmalı olduğunu deyərək kompromis mümkünlüyünə işarə verib. Lakin o əlavə edib ki, "hazırda belə bir vəziyyət mövcud deyil".
Bombardmanlardan əvvəl Vaşinqton nüvə ambisiyalarının taleyi ilə bağlı danışıqlar zamanı Tehrana qarşı ciddi təzyiq göstərirdi. Hava zərbələrindən əvvəl Tramp administrasiyasının həm açıq, həm də gizli mesajları sərtləşdikcə, Avropa diplomatları hücumun qarşısını almaq üçün daha fəal işləməyə başlamışdı.
İranın tammiqyaslı müharibəyə hazır olub-olmaması, yaxud birbaşa olaraq Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə qarşı cavab zərbəsi endirib-endirməyəcəyi hələ sual altındadır.
İranın əsas hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) özünümüdafiə hüququnu saxladığını bəyan edib və ABŞ-yə "təəssüf doğuran nəticələrə hazır olmaq" barədə xəbərdarlıq edib. Bu barədə məlumat İranın dövlət xəbər agentliyi IRNA vasitəsilə yayımlanıb.
2020-ci ilin yanvarında, ABŞ dronun zərbəsi nəticəsində yüksəkrütbəli İran generali öldürüldükdən sonra İran İraqdakı ABŞ obyektlərinə, o cümlədən Əl-Əsəd hava bazasına ballistik raketlərlə cavab hücumu həyata keçirib. Rəsmi olaraq ölənlər barədə məlumat verilməsə də, təxminən 100 ABŞ hərbi qulluqçusunun travmatik beyin zədəsi aldığı bildirilib.
ABŞ-nin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində bazaları həmçinin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir.
Ancaq bütün hallarda İranın cavab vermək gücünə malik olub-olmadığı hələ məlum deyil. Son 10 gündə İsrailin həyata keçirdiyi intensiv hücumlar nəticəsində İranın çoxsaylı raket zavodları, hava bazaları, hava müdafiə qurğuları və silah istehsal obyektləri zərər görüb və ya məhv edilib ki, bu da Tehranın seçim imkanlarını məhdudlaşdırır.
Yenə də İranın başqa alətləri - vasitələri var.
Məsələn, Tehranın kiber imkanları yaxşı məlumdur və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hakerlər keçmişdə İsrail sistemlərinə hücum etməkdə ittiham olunublar.
İran parlamenti isə iyunun 22-də Fars körfəzindən Hind okeanına gedən və böyük neft tankerlərinin qlobal bazarlara daşındığı Hörmüz boğazını bağlamağa çağırıb.
Hörmüz boğazının bağlanması neft qiymətlərinə ciddi təsir edəcək bir fövqəladə hadisə olar.
İran İnqilab Keşikçiləri Korpusunun sürətli qayıqları Fars körfəzində təlimlərdə.
Bəs siyasət?
Bu hücum prezident Tramp üçün dönüş nöqtəsidir. Trampın siyasi yüksəlişi bir tərəfdən ABŞ-nin Əfqanıstan və İraqa müdaxiləsi və Suriya hərbi əməliyyatlarının yaratdığı yorğunluqdan - ABŞ-nin "əbədi" müharibələri kimi tanınan uzunmüddətli konfliktlərdən - qaynaqlanıb.
Vitse-prezident Vens də daxil olmaqla Trampın bir çox baş məsləhətçiləri, ABŞ-ni xaricə müdaxilələrdən geri çəkməyə çalışıb. İrana qarşı həyata keçirilən hava zərbələrindən əvvəlki günlərdə Vaşinqtonun siyasi dairələrində Tramp administrasiyasının yenidən ABŞ ordusunu Yaxın Şərqdəki münaqişəyə cəlb edib-etməməsi ilə bağlı açıq toqquşmalar olub.
"Midnight Hammer" adlı hava hücumdan sonra Tramp və ABŞ administrasiyasının digər rəsmiləri ehtiyatlı açıqlamalar verərək vurğulayıb ki, məqsəd İranda "rejim dəyişikliyi" deyil və Vaşinqtonun İsrail ilə İran arasında davam etmə ehtimal olunan bu münaqişəyə dərindən qarışmaq niyyəti yoxdur.
Konqresdə isə demokratlar hücumu tənqid edib, ancaq əksər respublikaçılar onu dəstəkləyib. Bununla belə, bir neçə respublikaçı, o cümlədən sərt mövqeyi ilə tanınan Konqres üzvü Marcori Teylor Qrin sosial mediada yazıb: "Bu, bizim mübarizəmiz deyil".
Vitse-prezident Vens isə hücumdan bir neçə saat sonra "NBCNews"a deyib: "Biz İranla müharibə etmirik. Biz İranın nüvə proqramı ilə müharibə vəziyyətindəyik".
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.