İyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirməyə başlayıb. Baş Qərargah rəisi, SEPAH komandiri və nüvə fizikləri öldürülüb. İyunun 22-nə keçən gecə Vaşinqton İranın üç nüvə obyektinə hücum edib.
"İrana zərbələr səbəbsiz təcavüzdür və heç bir əsası yoxdur". Bunu Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Ərağçi ilə görüşündə deyib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiya İrana kömək etmək üçün səy göstərir. Putin regionda mövcud vəziyyətdən mümkün çıxış yolları barədə birgə düşünməyi təklif edib.
İran XİN rəhbəri iyunun 22-də Moskvaya gəlib. "Reuters" yazırdı ki, Ərağçi Putinə İranın ali dini lideri Əli Xameneinin məktubunu çatdırmalıdır. Məktubda o, Birləşmiş Ştatların nüvə obyektlərinə zərbələrindən sonra Tehranı dəstəkləməyi xahiş edir.
İsrail Evin həbsxanasını vurub
İsrail ordusu Tehrandakı Evin həbsxanasına zərbə endirib. İranın ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi ölkədə siyasi məhbusların saxlandığı Evin həbsxanasına mərmilərin düşdüyünü və həbsxananın bəzi hissələrinə ziyan dəydiyini təsdiqləyib. Agentlik bildirib ki, "hazırda vəziyyət nəzarət altındadır".
22 iyun
ABŞ İrana zərbələr endirdi. 'Fordo üzərinə tam bomba yükü atıldı'
Prezident Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib.
"Biz İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İranın hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar...", - Tramp iyunun 22-də sosial media postunda yazıb.
Tramp vurğulayıb ki, İran sülhə gəlməlidir: "Bunu etməsələr, gələcək hücumlar daha böyük və xeyli asan olacaq".
Fordo bombalanmadan əvvəl və sonra
18 iyun
Xameneidən Trampa cavab: 'İran xalqı heç vaxt təslim olmayacaq'
İranın ali dini lideri Əli Xamenei xalqa müraciətində ABŞ-nin hər hansı hərbi müdaxiləsinin "düzəldilməz zərər" verəcəyini bildirib və İranın təhdidlər qarşısında təslim olmayacağını vurğulayıb.
O, prezident Donald Trampın dediklərini də birbaşa şərh edib. Amerika lideri İrandan "şərtsiz" təslim olmağı tələb edib, Vaşinqtonun Xameneinin yerini bildiyini, lakin onu "hələlik" öldürməyəcəyini deyib.
"İranı və onun tarixini bilənlər təhdid dilində danışmırlar", - Xamenei bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tehranda qalanlar AzadlıqRadiosuna danışır: 'Çox qorxuludur'
16 iyun
İsrail İranın dövlət televiziyasını vurub
İsrail iyunun 16-da İranın dövlət televiziyasının (IRIB) binasını vurub. İtkilər, binaya dəyən ziyan barədə rəsmi bilgi yoxdur.
Netanyahu Xameneinin öldürülməsini istisna etməyib
İsrailin baş naziri Benyamin Netanyahu "ABCNews" telekanalına müsahibəsində İranın ali dini lideri Əli Xameneinin öldürülmə ssenarisini istisna etməyib. Onun sözlərinə görə, bu, "münaqişənin eskalasiyasına gətirməz, ona son qoyar".
Bundan öncə Qərb mediası ABŞ prezidenti Donald Trampın İsrailinin Xameneini öldürmək planını rədd etməsi haqda yazmışdı. İddiaya görə, Tramp bunun münaqişənin dərinləşdirə biləcəyindən ehtiyatlanıb.
İsrailin Xameneini hədəfə almasının mümkünlüyü barədə suala Netanyahu belə cavab verib ki, "İsrail nə lazımdırsa, onu edəcək".
14 iyun
Əliyevlə Ərdoğan İsrail-İran gərginliyini müzakirə ediblər
İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub: "Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayaraq məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar".
İrandakı əcnəbilərin Azərbaycan ərazisindən keçməklə təxliyəsinə yardım göstərilir
Bəzi xarici dövlətlər rəsmi Bakıya İranda olan vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan dövləti həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır. Onların təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.
Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.
Radiasiya fonu ölçülüb
Cənub sərhədləri boyunca 30 məntəqə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətləri iyunun 14-də birgə məlumat yayıblar.
"Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib", - məlumatda vurğulanıb.
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İranın nüvə obyektlərinin məhvi Azərbaycana hansı təhdidi yaradacaq?
13 iyun
İran İsrailə yüzlərlə ballistik raket buraxıb
İsrail ordusunun (SAXAL) məlumatına görə, İran iyunun 13-ü axşam saatlarında İsrail istiqamətində yüzlərlə ballistik raket buraxıb.
Hadisə yerindən videolarda göründüyü kimi, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemlərini yarıb keçir.
İranın ali dini lideri Əli Xamenei televiziya müraciətində İsrailə "ağır cəza" vəd edib.
İsrail Fordo yeraltı nüvə zavodunu vurub
İsrail İranın yeraltı Fordo uranı zənginləşdirmə zavoduna iki zərbə endirib. İran mediası hava hücumundan müdafiə qüvvələrinin bu ərazidə İsrail dronunu vurduğunu iddia edir. Obyektin ərazisində iki partlayış olduğu bildirilir.
Daha öncə İsrailin İranın Natanzdakı nüvə obyektinə hücumu barədə məlumat verilmişdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik obyektin içərisində radioaktiv çirklənmə baş verdiyini açıqlayıb.
Peyk görüntülərində Natanzdakı nüvə obyektindəki dağıntılar.
Azı 20 yüksəkrütbəli komandir öldürülüb-'Reuters'
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə iyunun 12-si gecə saatlarında İsrailin İrana hava zərbələri nəticəsində həlak olub.
Bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) X hesabında məlumat yayıb.
IDF-nin məlumatına görə, SEPAH-ın Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli rəhbərliyi də general Hacızadə ilə birlikdə həlak olub. Onlar İsrailə hücum planı üzərində işləmək üçün yeraltı komanda mərkəzində toplaşıbmışlar.
IDF bildirib ki, ölənlər arasında SEPAH-ın pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə bölmələrinin komandirləri də var.
"Reuters" iki regional mənbəsinə istinadən yazıb ki, İsrailin cümə günü İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın rəhbəri də daxil olmaqla, azı 20 yüksəkrütbəli komandir həlak olub.
İranın Baş Qərargah rəisi həlak olub
İsrail İrana endirdiyi hava zərbələrində bu ölkənin bir neçə yüksəkrütbəli hərbi rəsmisinin öldürüldüyünü açıqlayıb.
"Artıq təsdiq edirik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı və İranın Fövqəladə Hallar Komandanlığının rəhbəri İsrailin İran ərazisində 200-dən çox qırıcı təyyarə ilə həyata keçirdiyi hava zərbələri nəticəsində məhv edilib", - İsrail Müdafiə Qüvvələri (IDF) X platformasındakı paylaşımında bildirib.
"The Associated Press" (AP) agentliyi isə İsrail ordusunun mətbuat xidmətinə istinadən yazıb ki, İran İsrailə dronlarla hücum edib.
İsrail İrana zərbələr endirib
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.
Baş nazir Benyamin Netanyahu bildirib ki, "İranın İsrailin varlığına yaratdığı təhdidi aradan qaldırmaq üçün" İsrail hədəfli hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, hücum hədə aradan qaldırılanadək davam edəcək. O, əməliyyatı "Yüksələn Şir" adlandırıb.
"İranın nüvə zənginləşdirmə proqramının ürəyindən vurmuşuq. Natantzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq... İranın ballistik raket proqramının da mərkəzini vurduq", – Netanyahu videoaçıqlamasında deyib. O, İran bombası üzərində işləyən nüvə alimlərinin də vurulduğunu sözlərinə əlavə edib.
İranın dövlət televiziyası Tehrandakı İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandanlığının da vurulduğunu bildirib. İİKK komandiri, general mayor Hüseyn Salami öldürülüb, - "Tasnim" agentliyi xəbər verir.
İranın Ali dini lideri Əli Xamenei xəbərdarlıq edib ki, İsrail bu hücumların ağır nəticəsi ilə üzləşəcək. "Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq alacaq", – Xamenei bəyanatında deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
ABŞ Yaxın Şərqdə diplomatlarının sayını azaldır
Vaşinqtondan reaksiya
ABŞ dövlət katibi Marko Rubio deyib ki, İsrail İrana qarşı birtərəfli addım atıb və Birləşmiş Ştatlar bunda iştirak etmir.
İsrail Vaşinqtona bildirib ki, özünümüdafiə üçün zərbələr vacibdir, - Rubio Ağ evin yaydığı bəyanatında qeyd edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar qüvvələrini qorumaqdan ötrü addımlar atıb, regiondakı tərəfdaşları ilə əlaqədədir.
İsrailin "El Al Airline" şirkəti bütün uçuşları təxirə saldığını bildirib. İran dövlət mediası da ölkənin hava məkanının bağlandığını açıqlayıb.