Macarıstan və Slovakiya Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulunu dəstəkləməyib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. Onun sözlərinə görə, Avropa Komissiyasının Rusiya enerji resurslarının idxalını mərhələli şəkildə dayandırmaq planlarına cavab olaraq iki ölkə bu qərarı bloklayıb.
"Bu gün biz Slovakiya ilə birlikdə 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını aldıq", - Siyarto jurnalistlərə deyib. "Biz bunu ona görə etdik ki, bu halda Macarıstan və Slovakiya da daxil olmaqla Aİ ölkələrinə Rusiyadan təbii qaz və ucuz Rusiya xam nefti almaq qadağan edilirdi".
Avropa Komissiyası Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinə məhdudiyyətlərin 18-ci paketə daxil edilməsini, həmçinin Rusiya neftinin qiymətinin bir barel üçün qiymət həddinin 60 dollardan 45 dollara endirməyi təklif edir. Bundan əlavə, Rusiyanın kölgə donanmasına aid 80-ə yaxın gəmi də sanksiyalara məruz qala bilər.
17-ci sanksiyalar paketi mayın 20-də təsdiqlənib.