"The Associated Press" (AP) Ukrayna Baş Prokurorluğunun məlumatlarına istinadən xəbər verir ki, Moskvanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri azı 206 ukraynalı hərbçi Rusiya əsirliyində həlak olub.
Hüquq-müdafiə qruplarının, BMT-nin, Ukrayna hökumətinin və məhkəmə-tibbi ekspertin açıqlamalarına görə, Rusiya həbsxanalarında qəddar rəftar çoxsaylı ölümlərin baş verməsində ehtimal olunan əsas amillərdən biridir.
AP mənbələri bildiriblər ki, ölümün səbəbini müəyyən etmək həmişə mümkün olmur, çünki bəzən qurbanların daxili orqanları çıxarılmış olur, bəzi hallarda isə qançırlar və xəsarətlər gizlədilir. Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petro Yatsenko bildirib ki, Rusiya əsirlərin meyitlərini o vaxta qədər saxlayır ki, onların üzərində artıq heç nə müəyyən etmək mümkün olmasın. Ukrayna rəsmiləri hesab edir ki, Rusiya əsirlərin ölümünün əsl səbəblərini gizlətməyə çalışır.
AP həmçinin BMT-nin ötənilki hesabatını xatırladıb. Həmin hesabatda qeyd olunurdu ki, azad edilən ukraynalı hərbi əsirlərin 95 faizi həbsdə olarkən "sistemli" işgəncələrə məruz qalıb. Əsirlər döyülmə, elektrik cərəyanı verilməsi, boğulma, seksual zorakılıq, edamın imitasiyası və yuxudan məhrumetmə kimi zorakılıqlardan danışıblar.
Rusiya hökuməti AP-in şərh sorğusuna cavab verməyib. Daha əvvəl isə Rusiya Ukraynanı hərbi əsirlərlə qəddar rəftarda ittiham etmişdi. BMT bu ittihamların bir hissəsini təsdiqləsə də, Ukrayna tərəfindən baş verən pozuntuların həm miqyas, həm də ağırlıq baxımından Rusiyada törədilənlərlə müqayisədə xeyli az olduğunu bəyan edib.