"ToplumTV" internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan doqquz nəfər jurnalist və ictimai fəalın məhkəməsində prokuror bir neçə iclasdır ittiham aktını açıqlayırdı. İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamın elanı yekunlaşıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev jurnalistlərdən özlərini təqsirli bilib-bilmədiklərini, elan edilən ittihamın onlara aydın olub-olmadığını soruşub. Təqsirləndirilən jurnalistlərin hamısı bildirib ki, özlərini qətiyyən təqsirli bilmirlər və ittiham aktında yazılanlar uydurmadır.
"Əgər yazsaydılar ki, səni gəncləri maarifləndirdiyinə görə tutmuşuq, o zaman ittihamın mahiyyəti mənə aydın olardı, yoxsa ki.... İndiki halda, əlbəttə ki, aydın deyil. Yazıblar ki, qaçaqmalçılıq etmişik. Bu qaçaqmalçılığı necə etmişik? Hava yolu ilə dronla gətirmişik, su yolu ilə çayla gətirmişik?", - təqsirləndirilən şəxslərdən "ToplumTV"nin təsisçisi Ələsgər Məmmədli belə deyib.
Müşfiq Cabbarov
"Belə lağlağıyla ittiham aktı tərtib ediblər"
Jurnalist Müşfiq Cabbarov da vurğulayıb ki, o, işəgötürən kimi təqdim olunur, qaçaqmalçılıqda suçlanır, lakin bunları təsdiqləyəcək heç bir sübut ortaya qoyulmur. Jurnalistin sözlərinə görə, istintaq dövründə müstəntiqlə aralarında bu mövzuda bir söhbət olub: "Müstəntiqdən soruşdum ki, bu nə ittihamdır, mən hara, qaçaqmalçılıq hara? Dedi ki, qaça bilirdin? Dedim ki, məktəb vaxtı 11 saniyəyə 100 metr qaçırdım. Dedi ki, qaça bilirsənsə, onda qaçaqmalçılıq edə bilərsən. Deyir ki, Sumqayıtdan Bakıya gələndə yolda adam götürürdün? Deyirəm ki, hə. Deyir ki, bax, sən işəgötürən də ola bilərsən. Bunlar belə lağlağı ilə ittiham aktı tərtib ediblər".
Fərid İsmayılov
Jurnalist Fərid İsmayılov bildirib ki, bu məhkəmədən də ədalətli qərar gözləntisi yoxdur. Düşünür ki, bugünlərdə "AbzasMedia işi" üzrə həbsdəki jurnalistlərə 8-9 il həbs cəzası verildiyi kimi, aşağı-yuxarı, onlara da eyni cəza kəsiləcək. Ona görə də isti havalarda artıq əziyyət çəkib məhkəməyə gedib-gəlmək istəmir: "İstinin bu günündə hər dəfə məni aparıb-gətirməyə nə ehtiyac var?! Onsuz da axırda sifariş verilən hökmü oxuyacaqsınız. Elə verin 8-9 ilimi, gedim çəkim. Mən gedib Qubanın, Gədəbəyin kəndlərindən reportajlar hazırlayırdım. Göstərirdim ki, orada uşaqlar dərsə gedə bilmir. Məktəb yoxdur, yemək tapa bilmir. Mən də bunlara göz yuma bilmirdim, çəkib göstərirdim...".
Təqsirləndirilən İlkin Əmrahov da ittiham aktında yazılanlara etiraz edib. Onun sözlərinə görə, sənəddə onun Akif Qurbanovla 2014-cü ildə tanış olduğu yazılıb. Özü isə A.Qurbanovu 2023-cü ildə tanıdığını deyir.
Vəkil Günay İsmayılova bu barədə danışarkən vurğulayıb ki, 2014-cü ildə İ.Əmrahov orta məktəbdə 5-ci sinifdə təhsil alırdı: "5-ci sinifdə oxuyan uşağın Akif Qurbanovla hansı əlaqəsindən söhbət gedə bilər?".
Ruslan İzzətli
Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli İctimai Televiziya ilə bağlı vəsatət qaldırıb. Vəsatətini də belə əsaslandırıb ki, hökumətyönlü mediada aramsız təqsirsizlik prezumpsiyası hüququ pozulur: "Bizə qarşı "çamur at, yapışmasa da, izi qalar" prinsipi ilə qarayaxma kampaniyası aparılır. Düzdür, İctimai Televiziya mədhiyyə deməkdə AzTV-ni çoxdan geridə qoyub. Əgər, doğrudan da, hakimiyyət həqiqətin üzə çıxmasını istəyirsə, İctimai Televiziya bizim məhkəməmizi canlı yayımla versin, xalq hər şeyi görsün".
Vəsatət təmin olunmayıb. Hakim Azər Tağıyev məhkəmənin özünün audio və videoçəkiliş apardığını söyləyib.
"ToplumTV işi" üzrə məhkəmə prosesi iyunun 30-da dindirmələrlə davam edəcək.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O vaxt bu işlə bağlı 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov 2025-ci ilin yanvarında həbs olundu.
"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Təqsirləndirilənlər hamılıqca ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Bütövlükdə isə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var. Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onların iddiasına görə, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.