Ukrayna vətəndaşı, Azad Avropa/Azadlıq Radiolarının Ukrayna xidmətinin Krım.Realii layihəsinin jurnalisti Vladislav Yesipenko Rusiya həbsxanasından buraxılıb. O, Ukrayna kəşfiyyatı üçün informasiya yığmaq şübhəsiylə 4 ildən çox həbsdə qalıb. Özü ittihamı rədd edirdi.
Yesipenko iyunun 22-də azad edilib.
"Vlad törətmədiyi cinayətə görə əsassız olaraq 4 ildən çox cəza çəkib. O, Rusiyanın işğalı altında olan Krımda baş verən gerçəkləri işıqlandırdığına görə çox yüksək bədəl ödəyib", – AzadlıqRadiosunun prezidenti Stiv Kapus bəyanatında deyib.
"Buna görə o, fiziki və psixoloji işgəncəyə məruz qalıb. Onun həyat yoldaşı Katerina və gənc qızı Stefaniyaya qovuşmasını qeyd etdiyimiz bir vaxtda bu ailənin Rusiya hakimiyyətindən çəkdiyi əziyyəti də nəzərdən qaçırmamalıyıq", – o vurğulayıb.
Rusiya-Ukrayna vətəndaşlığı olan Yesipenko 2021-ci il martın 10-da həbs olunub. 2022-ci ilin fevralında Rusiyanın Krıma təyin etdiyi məhkəmə ona casusluq ittihamıyla 6 il həbs cəzası kəsib. Özü, çalışdığı media orqanı və insan haqları qrupları ittihamları saxta adlandırıb.
Bir neçə ay sonra Yesipenkoya "partlayıcı saxlamaq və daşımaq" ittihamı da verilib, özü bunu qətiyyətlə rədd edib. Prokurorlar daha sonra etiraf ediblər ki, onun maşınından "tapılmış" qumbarada onun barmaq izləri olmayıb. Jurnalist məhkəməsində Ukrayna kəşfiyyatı üçün informasiya toplamaqla bağlı ittihamları da rədd edib. Məhkəmə ona 5 il həbs cəzası kəsib.
Yesipenko məhkəməsində saxta ifadə verməsi üçün elektroşoka məruz qaldığını deyib. 2022-ci ilin noyabrında isə Ukraynada dövlət ittihamçısı Rusiya FSB zabitinə qanunsuz həbs və işgəncəyə görə cinayət işi açıb.
Avropa İttifaqı (Aİ) 2023-cü ilin sentyabrında Yesipenkoya qarşı cinayət işi ilə əlaqədar iki hakim və bir dövlət ittihamçısına sanksiyalar tətbiq edib. Eləcə də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) iki zabitinə sanksiya açıqlanıb, onların işgəncəyə görə məsuliyyət daşıdığı bildirilib.
İyunun 21-də AzadlıqRadiosunun keçmiş jurnalisti İqor Karney, fevralda isə radionun jurnalisti Andrey Kuzneçuk Belarusda həbsdən buraxılıblar. Bu, Tramp administrasiyasının böyük səyləri sayəsində mümkün olub.